Sterilizasiya
Sterilizasiya — dezinfeksiyanın mühüm komponentlərindən biri sayılır. Sterilizasiya zamanı maddələrin və əşyaların mikroorqanizmlərdən tam azad olması, yəni patogen və qeyri-patogen törədicilərin vegetativ və spor formaları məhv edilir. Adətən, sterilizasiyadan əvvəl sterilizasiyaönü işləmə aparlır ki, onu mexanikləşdirilmiş və ya əl üsulu ilə həyata keçirirlər. Mexanikləşdirilmiş yuma iynə, şpris, müxtəlif alətlər üçün nəzərdə tutulan xüsusi təyinatlı yuyucu maşınlarda, əl üsulu ilə yuma yuyucu vasitələrdən istifadə etməklə aparılır. Bu zaman əvvəlcə alət 0,5 dəqiqə axar su altında yuyulur, sonra yuyucu məhlulda 15 dəqiqə 50 °C-də isladılır (yuyucu məhlullar hidrogen peroksidlə birlikdə), pambıq-tənzif tamponla və ya şotka vasitəsilə yuyulur, axar su və distillə olunmuş suda yaxalayır, quruducu sterilizatorlarda isti hava ilə 80–85 °C-də rütubət tam itənə qədər qurudurlar. Sterilizasiyaönü işləmənin keyfiyyətini qiymətləndirmək məqsədilə 1 %-ə qədər məmulatlar qalıq qan (benzidin, ortolidin, amiidopirin sınağı) və yuyucu vasitələrin qalığma (fenoftalein sınağı) görə yoxlanılır.
Sterilizasiyanın növü zərərsizləşdirilən obyektin keyfiyyətindən asılı olub, buxar, isti quru hava, kimyəvi maddələrin məhlulları, qazlar və ionlaşdırıcı şüalar vasitəsilə aparılır. Ağların, sarğı materiallarının, cərrahi alətlərin, korroziyaya davamlı metal və xəlitələrdən hazırlanmış alət və cihazların hissələrinin, üzərində 200 °C yazılmış şprislərin, şüşə qabların, rezin məmulatların (kateter, zond, borucuq, əlcəklər) işlənməsi üçün buxar sterilizatorlarından istifadə edilir. Sterilizasiyadan əvvəl cərrahi ağlar və alətlər, sarğı materialı bikslərdə sərbəst şəkildə yığılır. Cərrahi və ginekoloji alətlərin, cihaz və aparatların hissə və detallarının, o cümlədən korroziyaya davamsız materiallardan hazırlanmış, üzərində 220 °C yazılmış şprislərin, kəsici alətlərin zərərsizləşdirilməsi üçün hava sterilizatorlarından istifadə edilir.